İQTİSADİYYAT
Bakıda “Enerji səmərəli binalar - dayanıqlı enerji inkişafının əsası” mövzusunda seminar keçirilmişdir
Bakı, 13 mart (AZƏRTAC). Martın 13-də Mətbuat Şurası (MŞ) Sənaye və Energetika Nazirliyi ilə birgə Avropa İttifaqının “İNOGEYT” proqramının dəstəyi ilə gerçəkləşdirilən “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində binaların enerji səmərəliliyi təşəbbüsü” layihəsi çərçivəsində “Enerji səmərəli binalar - dayanıqlı enerji inkişafının əsası” mövzusunda seminar-treninq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, seminarın əsas məqsədi binalarda enerji səmərəliliyi və enerjiyə qənaət problemlərinə kütləvi informasiya vasitələrinin diqqətini cəlb etmək, bu problemlərin mətbuatda müntəzəm işıqlandırılması üçün zəmin yaratmaq və beləliklə enerjidən səmərəli istifadənin məqsəd və metodlarını cəmiyyətə bildirməkdir.
Tədbirdə “İNOGEYT” proqramının dəstəyi ilə “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində binaların enerji səmərəliliyi təşəbbüsü” layihəsinin icrası çərçivəsində martın 1-dən Azərbaycan jurnalistləri üçün “Enerji səmərəli binaların - dayanıqlı enerji inkişafının əsası” mövzusunda müsabiqəyə start verilmişdir.
Müsabiqənin əsas şərtlərindən biri enerji səmərəliliyi, enerji baxımından səmərəli texnologiyalar və enerjiyə qənaət mövzusunu işıqlandıran jurnalistlərin dəstəklənməsidir.
Müsabiqədə KİV nümayəndələri və ştatdankənar müxbirlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün martın 1-dən aprelin 30-dək mətbuatda və internet saytlarında dərc olunan məqalə təqdim edilməlidir.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.