MƏDƏNİYYƏT
Bakıda gənclərin “Start” VIII Beynəlxalq film festivalı açılmışdır
Bakı, 28 noyabr (AZƏRTAC). Noyabrın 28-də Nizami Kino Mərkəzində Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə gənclərin “Start” VIII Beynəlxalq film festivalı açılmışdır.
AZƏRTAC xəbər verir ki, festivalın açılışı musiqili proqramla başlamışdır.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək müsabiqənin əhəmiyyəti haqqında danışmış, münsiflərə və iştirakçılara uğurlar arzulamışdır. Bildirmişdir ki, dövlətimizin hərtərəfli inkişafı gənclərimizin potensialının artmasına zəmin yaratmışdır.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri, Xalq Artisti, müsabiqənin münsiflər heyətinin sədri Şəfiqə Məmmədova festivalın açılışı münasibətilə iştirakçıları təbrik etmişdir.
Gənclərin “Start” Beynəlxalq film festivalının direktoru Fehruz Şamıyev bildirmişdir ki, hər il əhatə dairəsini genişləndirən bu sənət yarışması bu dəfə daha çox yeniliklərlə yadda qalacaqdır. İstedadlı və yaradıcı gənclərin II Respublika toplantısı çərçivəsində reallaşan “Start” film festivalı Qafqazın ən böyük qısametrajlı film yarışmasıdır. Müsabiqəyə bu il, ümumilikdə, 20 ölkədən 250-dən çox film göndərilmişdir. Seçim komissiyası tərəfindən festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən 87 film daxil edilmişdir.
Festivala təqdim olunan yerli və əcnəbi ekran əsərləri Avropanın tanınmış festivallarında mükafat almış kinematoqrafçılar və kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.
Mərasimdə bildirilmişdir ki, film festivalının yeniliyi onun yerli və beynəlxalq müsabiqə proqramlarına ayrılmasıdır. Yerli müsabiqədə filmlər kinorejissorlar Elxan Cəfərov, İlqar Safat və “New Baku Post” qəzetinin təsisçisi, jurnalist Tural Əliyev tərəfindən qiymətləndiriləcəkdir. Beynəlxalq müsabiqədə isə filmləri beş nəfərdən ibarət beynəlxalq münsiflər heyəti - ARKİ-nin sədri Şəfiqə Məmmədova, iranlı rejissor, ssenarist Təhminə Milani, ekspert jurnalist, publisist İlhamiyyə Rza, rusiyalı prodüser Yelene Yatsura, polşalı rejissor Culiya Kolberger tərəfindən qiymətləndiriləcəkdir.
Ekran əsərləri “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı eksperimental film” nominasiyaları və “Ən yaxşı film Qran-Pri” mükafatı üzrə mükafatlandırılacaqlar.
Tədbir festivala həsr olunmuş videoçarxın nümayişi ilə başa çatmışdır.
Festival noyabrın 30-dək davam edəcəkdir.