MƏDƏNİYYƏT
Bakıda I Beynəlxalq Kukla Biennalesi açılmışdır
Bakı, 4 noyabr (AZƏRTAC). Muzey Mərkəzində Bakıda keçirilən beynəlxalq kukla teatrları festivalı çərçivəsində təşkil olunmuş I Beynəlxalq kukla biennalesi açılmışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev biennalenin açılışındakı çıxışında demişdir ki, “2009-2019-cu illərdə Azərbaycan teatrının inkişafı haqqında” Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq ilk dəfə Bakıda kukla teatrlarının beynəlxalq festivalı keçirilir və kukla biennalesi layihəsi də məhz həmin festival çərçivəsində təşkil olunmuşdur. Qeyd etmək lazımdır ki, festival böyük müvəffəqiyyətlə keçmişdir. Ə.Qarayev festivalın keçirilməsində iştirak etmiş beynəlxalq təşkilatlara və festivalın bütün iştirakçılarına minnətdarlığını bildirmişdir.
Çexiya Kukla Birliyinin nümayəndəsi Yelena İlyina, “Dünya kuklaları” Fondunun icraçı direktoru Olqa Laxina bütün iştirakçılar adından kukla festivalının təşkilatçılarına təşəkkürlərini bildirmişlər.
O.Laxina “Dünya kuklaları” Fondu adından kukla teatrlarının I beynəlxalq festivalının təşkilinə və keçirilməsinə görə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdarlıq məktubunu təqdim etmişdir.
Muzey Mərkəzinin direktoru Liana Vəzirovaya Moskvadakı “Vaxtanov” kukla qalereyasının diplomu verilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev I Beynəlxalq Kukla Biennalesinin iştirakçılarına diplomlar və fəxri fərmanlar təqdim etmişdir.
Sonra Muzey Mərkəzinin bir neçə zalında yerləşdirilmiş kukla ekspozisiyasının açılışı olmuşdur.
Son 25 ildə təsviri sənət növləri arasında müəllif kuklaları dünya mədəniyyətinin irsi olaraq tamhüquqlu sənət növü kimi özünü getdikcə daha çox təsdiq edir. Teatr və bədii oyun kuklası məziyyətindən ayrılmış bu sənət növü kukla adına keçid alaraq digər sənət əsərləri sırasında özünə layiqli yer tutmuşdur.
Müxtəlif bədii üslublu və fərdi estetikaya malik kukla kolleksiyaları ilə tanışlıq Azərbaycanda kukla sənətinin inkişafına kömək göstərəcəkdir. Biennaledə dünyanın doqquz ölkəsinin - Azərbaycan, Belarus, Çexiya, İtaliya, Fransa, Latviya, Niderland, Rusiya və Ukraynanın 19 kukla ustası iştirak edir.
Azərbaycanı Bakıdakı “Çeşmə” Mədəniyyət Mərkəzinin nəzdində ilk özəl kukla muzeyinin və milli geyimlərin yaradıcılarından biri olan Elmira Abbaslı, Azərbaycanda konseptual və art-kukla sənətinin baniləri Pərviz Hüseynov və İrina Qundorina, peşəkar heykəltəraş, akademik məktəbin nümayəndəsi Tamilla Qurbanova təmsil edəcəklər.
Bütün bu müəlliflərin işləri həm Azərbaycanda, həm də Rusiya, Fransa, Çexiya, İngiltərə və ABŞ-da xüsusi kolleksiyalarda saxlanılır.
İlk dəfə olaraq sərgidə “DA ART” studiyasının şagirdləri - Fərəh Əliyeva, Nübar Şahbazova, Fidan Salahova və Alina Yusupova iştirak edəcəklər.
Sərgi noyabrın 10-dək davam edəcəkdir.