İQTİSADİYYAT
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye mülkiyyəti hüquqlarına dair əlaqələndirmə komitəsinin iclası keçirilmişdir
Bakı, 16 iyun (AZƏRTAC, Xalid Məmmədov). Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sənaye mülkiyyəti hüquqlarına dair əlaqələndirmə komitəsinin ikinci iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, Qazaxıstan, Tacikistan, Pakistan və İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin nümayəndələri iştirak etmişlər.
İclasın açılışında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Mir Yaqub Seyidov çıxış edərək İƏT-in Avrasiya məkanında əhəmiyyətli regional iqtisadi birliyə çevrildiyini, nüfuzlu beynəlxalq təşkilat kimi təşəkkül tapdığını bildirmişdir. O, Azərbaycanın İƏT-in bütün komitələrində fəal fəaliyyət göstərdiyini, bu təşkilata üzv dövlətlərlə iqtisadi, elmi, sosial və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri yaratdığını qeyd etmişdir. \
AzPatent-in direktoru iclasın əhəmiyyətindən, beynəlxalq əməkdaşlıqdan da bəhs etmişdir.
Bildirilmişdir ki, əlaqələndirmə komitəsinin əsas məqsədi üzv ölkələr arasında sənaye mülkiyyəti sahəsində əlaqələrin, habelə iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inteqrasiya proseslərinə kömək etməkdir. Təşkilat çərçivəsində Azərbaycan digər üzv ölkələrlə bir sıra prioritet sahələr, o cümlədən patent sistemi, nəqliyyat, enerji, ticarət və investisiya sahələri üzrə əməkdaşlıq etməkdədir.
İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin nümayəndəsi Əkbər Xudayi iclasın əhəmiyyətindən, sənaye mülkiyyəti sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyindən danışmışdır.
İclasda sənaye mülkiyyəti hüquqlarının son meyillərinə baxışların keçirilməsi, üzv ölkələrin əqli mülkiyyət ofisləri üçün prioritet təşkil edən sahələr və bu istiqamətdə çalışan qurumlar arasında əlaqələndirmə mexanizmləri və digər məsələlər müzakirə edilmiş, hesabatlar dinlənilmişdir.