SİYASƏT
Bakıda “İslam Əməkdaşlıq Təşkilatı Model – Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində “İƏT model – Azərbaycan” adlı milli mərhələnin yekunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir
Bakı, 27 may (AZƏRTAC, Ülviyyə Məmmədli). Mayın 27-də Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşəbbüsü və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Dövlət Universitetinin birgə dəstəyi ilə “İƏT model - Azərbaycan” adlı milli mərhələnin yekunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir “İslam Əməkdaşlıq Təşkilatı Model - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində artıq dördüncü ildir təşkil olunur.
Tədbirdə “İslam Əməkdaşlıq Təşkilatı Model - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsi ilə bağlı videoçarx nümayiş olunmuşdur.
Layihənin məqsədi haqqında danışan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov bildirmişdir ki, layihə tələbələrə İslam ölkələrində baş verən prosesləri yaxından izləməyə və bu məsələlərin müzakirəsində iştirak etməyə imkan verir. 10-dan çox islam ölkəsində həyata keçirilən bu layihə həm də istedadlı tələbələrin aşkar edilməsinə şərait yaradır.
Tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev, Təhsil Nazirliyinin əməkdaşı Ağababa İbrahimov və başqaları çıxış edərək layihənin islam dəyərlərinin təbliği üçün gözəl vasitə olduğunu bildirmişlər.
Qeyd edilmişdir ki, “İslam Əməkdaşlıq Təşkilatı Model - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində reallaşan “İƏT model - qlobal sammit”lər hər dəfə 40-a yaxın İƏT-ə üzv ölkələri təmsil edən 200-dən artıq nümayəndənin iştirakı ilə 2011-ci ildə İstanbulda, 2012-ci ildə Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində, 2013-cü ildə Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilmişdir.
İlk mərhələdə hər bir ölkədə milli proqram icra olunur, həmin proqramda fəallığı və biliyi ilə seçilən bir neçə gənc sonradan İƏT-ə üzv həmin 40 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq “İƏT model - qlobal sammit”ində öz ölkələrini təmsil edir.
Tədbirin sonunda layihədə fərqlənən tələbələrə mükafatlar təqdim edilmişdir.