İDMAN
Bakıda keçirilən atçılığın konkur növü üzrə “Yay kuboku” Beynəlxalq turnirinin ilk gününün qalibləri müəyyənləşmişdir
Bakı, 20 iyun (AZƏRTAC). Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə CSI1*-W kateqoriyalı “Yay kuboku” Beynəlxalq turniri davam edir.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrdən 25-ə yaxın idmançı 50 atla yarışır.
Turnirin ilk günündə Azərbaycan idmançıları mübarizə aparmışlar. Maneələrin hündürlüyü 1,20 metr olan yarışda Rəşad Səmədov “Junak II” ləqəbli atla birinci olmuşdur. Anar Balahüseynov “Lorio” ləqəbli atla ikinci, Aleksandra Olejnik “Miss Con Air MNM” ləqəbli atla üçüncü pillədə qərarlaşmışlar.
Maneələrin hündürlüyü 1,30 metr olan yarışda “Bill Clinton” ləqəbli atla Seyid Musayev qalib adını qazanmışdır. Rahib İsmayılov “Aco`s First Boy” ləqəbli atla ikinci, Kənan Novruzov “Misir” ləqəbli atla üçüncü olmuşlar.
Turnirə Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunmuş hakimlər kollegiyası nəzarət edir.
Ümumi mükafat fondu 13 min 300 ABŞ dollar olan turnirə iyunun 21-də yekun vurulacaqdır.