REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının bayram satış yarmarkaları davam edir
Bakı, 29 dekabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə dekabrın 28-dən 31-dək Bakının müxtəlif yerlərində satış yarmarkalarının təşkil olunması barədə qərar qəbul edilmişdir.
Bayram yarmarkalarının Binəqədi rayonunda Dərnəgül yaşayış sahəsindəki 6 nömrəli peşə liseyinin həyətində, Xətai rayonunda yerləşən Bakı kinoteatrının yanında, Nərimanov rayonunun ərazisindəki Əliyar Əliyev küçəsi 26 ünvanda - “Bakı Taxıl” ASC-nin ərazisində, Nəsimi rayonunda yerləşən “Təzə bazar”ın ərazisində, Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli məktəbin yanında, Suraxanı rayonunun Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2 ünvanda, Yeni Günəşli qəsəbəsindəki “Günəş” ticarət mərkəzinin yanında və Yasamal rayonunun Şərifzadə küçəsi 131 ünvanda - Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanında təşkil edilməsi nəzərdə tutulmuşdur.
AZƏRTAC xəbər verir ki, dekabrın 28-də açılmış yarmarkaların ilk günündə olduğu kimi, dekabrın 29-da da satışa müxtəlif bayram çərəzləri və ərzaqları, mövsümə uyğun olaraq meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada bazar günü alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 17,05 ton məhsul, o cümlədən 0,4 ton ət, 0,2 ton ağartı, 8 ton tərəvəz, o cümlədən 4 ton kartof, 6 ton meyvə və s. təklif olunurdu. Ümumilikdə, dekabrın 28-də və 29-da yarmarkada 36,3 ton məhsul satılmışdır.
Yeni il ərəfəsində yarmarkada satışa çıxarılan məhsulların əksəriyyətini mövsümi tərəvəz, o cümlədən yerkökü, çuğundur, kələm, soğan, kartof, xiyar, pomidor, göyərti, həmçinin meyvələrdən alma, armud və s. təşkil edir. Yarmarkada mövsümə uyğun məhsullardan olan balqabaq, nar, heyva və digər meyvə-tərəvəzlər daha çoxdur.
Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına, fermerlərə və digər torpaq mülkiyyətçilərinə minnətdarlıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manat 50 qəpiyə, soğan 45-60, kartof 70-90 qəpiyə və s. satılır.
Şənbə və bazar günlərində Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri, həmçinin Bakı şəhərində və digər bölgələrdə fəaliyyət göstərən 40-dək şirkət və firma tərəfindən 100 tona yaxın meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, süd və süd məhsulları, konservləşdirilmiş qidalar, un və un məmulatları, müxtəlif çərəzlər və s. satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, 4 gün davam edəcək bayram yarmarkasına, ümumilikdə, 220 tona yaxın kənd təsərrüfatı və ərzaq məhsulları çıxarmaq nəzərdə tutulmuşdur. Bütün məhsullar bazarlardakından 25-30 faiz, bəziləri hətta 40 faizədək ucuz satılır.
Yarmarkaya daxil olan bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada nəzarət tərəzisi qoyulmuş, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilmişdir.
Dekabrın 28-29-da Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağdaş, Salyan, Masallı, Qusar və digər rayonlardan əhaliyə satılmaq üçün 30 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları və digər ərzaq malları çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, qarşıdakı əlamətdar bayramlarla bağlı yarmarkaya gətirilmiş məhsulların çeşidi xeyli dəyişmişdir. Çalışmışıq ki, bayram günlərində qəsəbə sakinləri süfrələrini lazımi məhsullarla bəzəyə bilsinlər.
Hacıqabul quşçuluq fabrikindən gətirilmiş 26 min ədəd yumurta da qəsəbə sakinləri tərəfindən həvəslə alınır.
Yarmarkada qiymətlər bazarlardakından 20-30 faizədək ucuzdur.
Alıcılar kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, alma, xurma, naringi və digər məhsulları həvəslə alırlar.
Yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Suraxanı rayonunun ərazisində açılmış bayram yarmarkalarının ilk iki günündə “Günəş” ticarət mərkəzində (21,6 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,4 ton) satışa Şəki, Samux, Quba, Balakən, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş, ümumilikdə, 24 ton məhsul çıxarılmışdır. Daxil olmuş məhsulun, demək olar ki, hamısı satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, növbəti 2 gün ərzində bu yarmarkalarda 25 tondan çox məhsulun satılması nəzərdə tutulur. Bundan əlavə, hər iki yarmarkaya ölkədə fəaliyyət göstərən ayrı-ayrı şirkət və firmalar öz istehsalları olan ət, süd, konserv məhsulları, un və un məmulatları, yağ, şirniyyat və digər ərzaq malları da çıxarmışlar. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Bayram ərəfəsində Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 400 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.
Artıq yarmarkada sərfəli qiymətə 120 tondan çox heyva, naringi, portağal, feyxoa, nar, xurma, alma, yerkökü, çuğundur, xiyar, pomidor, kartof, soğan, bibər, göyərti və digər məhsullar satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarka dekabrın 31-dək fəaliyyət göstərəcəkdir.
Bayram yarmarkasının ilk iki günündə buraya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala rayonlarından 58 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən isə 5,3 min ədəd yumurta gətirilmişdir. Artıq məhsulların təxminən 75 faizi satılmışdır.
Yarmarkada ilk baxışdan canlanma, məhsul bolluğu və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun olaraq üzüm, naringi, kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, ağartı, göyərti və s. kənd nemətləri, həmçinin bayram süfrələri üçün növbənöv ərzaq məhsulları və çərəzlər təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı məhsulların təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qayda-qanuna ciddi nəzarət olunurdu.
Bakı şəhərinin digər rayonlarında olduğu kimi, Binəqədi rayonunun ərazisində, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarka da 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə dekabrın 31-dək davam edəcəkdir. Bu müddət ərzində burada satışa, ümumilikdə, 85 ton müxtəlif çeşiddə meyvə-tərəvəzlərin, bostan və süd məhsullarının, həmçinin ayrı-ayrı şirkət və firmaların ət, süd, konserv məhsullarının, un və un məmulatlarının və s. çıxarılması nəzərdə tutulur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, dekabrın 28-də və 29-da yarmarkaya Ağstafa, Siyəzən, Goranboy, Bərdə rayonlarından 48,6 ton məhsul gətirilmişdir. Fermerlər həmin meyvə-tərəvəzləri, bostan və süd məhsullarını alıcılara bazarlardakından 20-30 faiz ucuz qiymətlərə təklif edirdilər. Artıq yarmarkada 24 ton məhsul satılmışdır.
Şəhər sakinləri burada bazarlıq etmək üçün bütün lazımi şəraitin yaradıldığını bildirirdilər.