REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 21 may (AZƏRTAC). Mayın 21-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırovun verdiyi məlumata görə, “Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan 20 tona yaxın məhsul gətirilmişdir. Paytaxt sakinləri təzə və keyfiyyətli məhsulları həvəslə alırlar. Məhsullar alıcılara bazardakından 20-25 faiz ucuz təklif olunur.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada satışa Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından gətirilmiş 75 ton meyvə-tərəvəz, ət, balıq çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirmişdir ki, bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz satılır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində satışa Samux, Daşkəsən, Quba, Biləsuvar, Cəlilabad, Balakən və Şəki rayonlarından gətirilmiş 27,1 ton məhsul çıxarılmışdır. Hər iki yarmarkada çiyələk, alça, kök və digər mövsümi məhsulların alıcıları çoxluq təşkil edir. Bazarlarla müqayisədə qiymətlər 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Xətai rayonunda yerləşən “Bakı kinoteatrı”nın yaxınlığındakı yarmarkada Qax, Salyan, Biləsuvar, Qəbələ, Ağcabədi, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından gətirilmiş 140 ton meyvə-tərəvəz, ət və süd məhsulları satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynovun sözlərinə görə, məhsulların qiymətləri bazarlardakından 30 faiz ucuzdur. Satışa çıxarılan məhsulların keyfiyyətinə və qiymətinə nəzarət olunur. Burada qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə, mal əti - 5 manata, quş əti 2 manat 70-2 manat 90 qəpiyə, yumurtanın biri 8-9, xiyar 40-80, kələm - 40-50, kartof 50-80 qəpiyə, badımcan 80 qəpik-1 manata, pomidor 1 manat 50-1 manat 70 qəpiyə, çiyələk 2 manata təklif olunur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirmişdir ki, Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Bərdə, Goranboy, Ağstafa, Siyəzən və digər rayonlardan 17 tondan artıq meyvə-tərəvəz gətirilmişdir. Fermerlər bu məhsulları şəhər sakinlərinə bazardakından 20-30 faiz ucuz qiymətlərə təklif edirlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada satışa Xaçmaz, Tərtər, Daşkəsən, İmişli, Oğuz, Beyləqan rayonlarından 37,8 ton meyvə-tərəvəz, Giləzi broyler fabrikindən 10 min ədəd yumurta çıxarılmışdır. Burada təzə kartof, istixanalarda yetişdirilmiş lobya, badımcan bibər, pomidor, xiyar və digər tərəvəz məhsulları həvəslə alınır. Qiymətlər bazarlardakından 30-40 faiz ucuzdur. Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri qayda-qanuna nəzarət edirlər.
######