İQTİSADİYYAT
BAKIDA KEYFİYYƏTSİZ ÇÖRƏK VƏ SÜD MƏHSULLARI İSTEHSALI İLƏ MƏŞĞUL OLAN MÜƏSSİSƏLƏR AŞKAR EDİLMİŞDİR
Bakı, 27 aprel (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən bildirmişlər ki, SMPDK-nın 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşlarının növbəti monitorinqi zamanı antisanitar vəziyyətdə fəaliyyət göstərən, normativ-texniki sənədlərin tələblərindən kənar məhsul istehsal edən bir neçə müəssisə aşkar edilmişdir.
Bakı şəhəri, Mətbuat prospektində, “Azərbaycan” nəşriyyatının həyətində yerləşən fiziki şəxs Cavadov Zabit Əli oğluna məxsus çörək sexində istehsal prosesinin kobud şəkildə pozulduğu, müəssisənin normativ - texniki sənədlərlə təmin olunmadığı, standartdan kənar çörək istehsal olunduğu müəyyən olunmuşdur. Təsərrüfat subyektinin rəhbəri istehsal zamanı istifadə olunan duzun göldən yığılaraq yodlaşdırılmamış halda xəmirə vurulduğunu etiraf etmişdir.
Bakı şəhəri, Nərimanov rayonu, 8-ci köndələn küçəsində yerləşən çörək istehsal edən müəssisədə də anoloji hal qeydə alınmışdır. Fiziki şəxs R.Z.Mirzəyevə məxsus sexdə keçirilən monitorinq zamanı “Pəhriz çörəyi” adı altında normativ sənədin tələblərinə cavab verməyən məhsul istehsal olunduğu müəyyən olunmuşdur. Təsərrüfat subyektinin rəhbəri etiraf etmişdir ki, məhsul “Pəhriz çörəyi” adı ilə markalansa da, istehsalda I növ buğda və kəpək unundan istifadə olunmuşdur. Bu isə istehlakçıların hüquqlarının kobud şəkildə pozulması deməkdir.
Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində süd məhsullarının istehsalı ilə məşğul olan müəssidə isə aşkar olunmuş hazır nümunələrin bir qisminin üzərində istehsalçı kimi fiziki şəxs N.Q.Təhməzova, bir qismində isə “Qaraçuxur” MMC göstərilmişdir. Müəssisədə 228 ədəd 500 ml üzərində istehsal tarixi olmayan hazır ayran, 45 ədəd “dietik kəsmik” adı altında 9 faiz yarım yağlı kəsmik, istifadə müddəti standartda nəzərdə tutulandan artıq qeyd olunan 198 ədəd dovğa, 56 ədəd qatıq məhsulları aşkar olunmuşdur. Məhsulların kustar yolla hazırlandığı, qablaşdırıldığı və markalandığı müəyyən olunmuşdur.
Bütün hallarda SMPDK-nın əməkdaşları məhsul istehsalının dayandırılması ilə bağlı göstəriş vermiş, müəssisələrə inzibati sanksiyaların tətbiq olunacağı ilə bağlı qərar qəbul edilmişdir.
######