MƏDƏNİYYƏT
Bakıda məşhur “Longines” şirkətinin 180 illik yubileyi qeyd olunmuşdur
Bakı, 4 oktyabr (AZƏRTAC). Oktyabrın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında VMF şirkətinin təşkilatçılığı ilə məşhur İsveçrə saat markası olan “Longines” şirkətinin 180 illiyinə həsr edilmiş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Longines” şirkəti tərəfindən yubiley gecəsi üçün təqdim olunmuş tarixi muzey saatlarının sərgisi təşkil edilmişdir.
VMF-nin baş direktoru Arzu Şahverdiyev təmsil etdiyi qurum adından “Longines” şirkətini yubiley münasibətilə təbrik etmişdir.
A.Şahverdiyev bildirmişdir ki, VMF şirkəti 1998-ci ildə fəaliyyətinə məhz İsveçrənin “Longines” şirkəti ilə əməkdaşlıq şəraitində başlamışdır. Bu şirkət hər zaman yenilikləri, yüksək keyfiyyətli məhsullarının istehsalına görə ön sıralarda dayanmışdır. Buna görə də biz “Longines” şirkəti ilə əməkdaşlığın yüksək səviyyədə olması üçün əlimizdən gələni əsirgəmirik. Bugünkü tədbir bizim üçün çox əhəmiyyətlidir və dünya şöhrətli belə bir saat brendini Azərbaycanda təmsil etməkdən çox məmnunuq.
“Longines” şirkətinin bölgə satış meneceri Bastian Perret şirkətin Azərbaycan ilə mədəni əlaqələrə önəm verdiyini, bu hadisənin Azərbaycanda “Longines”in inkişafına və mövcudluğuna müsbət təsir göstərəcəyini qeyd etmişdir.
Məşhur brendin tarixindən danışan B.Perret demişdir ki, şirkətin əsası 1832-ci ildə Seynt-İme şəhərində qoyulmuşdur. Bu il biz 180 illik yubileyimizi qeyd edirik. Yüksək ustalığı, ənənələrə sadiqlik ruhunu, zərifliyə və texniki mükəmməlliyə dəyişməz istiqaməti ilə qürur duyan “Longines” saatları dünya çempionatlarının və Beynəlxalq Gimnastika Federasiyasının, Avropa Gimnastika Birliyinin xronometristi kimi uzun illərin təcrübəsini qazanmışdır. “Longines” atçılıq idmanı, “Roland Garros” turnirinin, Beynəlxalq Xizəkçilik və Oxatma federasiyalarının rəsmi tərəfdaşıdır.
Bu gün “Longines” aparıcı saat istehsalçısı olan “Swatch Group Ltd”nin üzvüdür və dünyanın 130-dan artıq ölkəsində məhsulları ilə tanınmaqdadır. Brendin qanadlarla haşiyələnmiş qum saatı şəkilli loqosu xüsusilə məşhurdur.
Mərasimdə 2011-ci ildə VMF şirkəti tərəfindən “Longines” şirkətinin Azərbaycandakı dostu” adına layiq görülmüş Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli belə tarixi binada keçirilən yubiley münasibətilə “Longines” şirkətini təbrik etmişdir.
F.Bədəlbəyli vurğulamışdır ki, “Longines” yüksək keyfiyyət və zərif dizaynla istehsal edilən məhsulları ilə dünyada tanınmış bir brenddir. Şirkət Bakıda artıq öz yerini tapmışdır. Mən arzu edərdim ki, şirkətin filialı azad edilmiş müqəddəs torpağımız olan Şuşada açılsın və bu bayramı biz orada qeyd edək.
Sonra məşhur saat markasının 180 illik yubileyi münasibətilə “Longines” və VMF şirkətləri adından Fərhad Bədəlbəyliyə fəxri diplom təqdim edilmişdir.
Gecə teatr truppasının ifasında iki dahi məhəbbətin ölməz hekayələrini rəqslə bədiiləşdirən “Leyli və Məcnun” və “Romeo və Cülyetta” birpərdəli baletləri ilə davam etmişdir.