İDMAN
Bakıda şahmat üzrə dünya kuboku yarışlarına və Dünya Şahmat Olimpiadasına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanmışdır
Bakı, 28 noyabr (AZƏRTAC). Noyabrın 28-də Bakıda şahmat üzrə 2015-ci il dünya kuboku yarışlarına və 2016-cı il Dünya Şahmat Olimpiadasına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, müqaviləni gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov imzalamışlar.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış və idmançılarımızın qazandıqları nailiyyətlər barədə məlumat vermişdir. Bildirmişdir ki, ölkəmizin beynəlxalq miqyaslı iki mötəbər yarışa ev sahibliyi etməsinə dair qərar cari il sentyabrın 8-də FİDE-nin İstanbulda keçirilmiş konqresində yekdilliklə qəbul edilmişdir.
Gənclər və idman naziri Azad Rəhimov artıq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulamışdır. Qeyd etmişdir ki, bu mötəbər turnirlərin keçirilməsi Azərbaycan üçün çox əlamətdar hadisədir. Turnirlərin “Baku Crystal Hall”da keçiriləcəyini diqqətə çatdıran A.Rəhimov 2016-cı ildə Dünya Şahmat Olimpiadasında iştirak edəcək ölkələrin sayının çox olacağını demişdir.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov ölkəmizdə beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyini diqqətə çatdırmış, turnirlərin keçirilməsini respublikamıza həvalə etdiyi üçün FİDE rəhbərliyinə minnətdarlığını bildirmişdir. Federasiyanın prezidenti respublikamızda böyük tədbirləri keçirmək üçün lazımi şəraitin olduğunu diqqətə çatdırmışdır.
Azərbaycanda idmana göstərilən dövlət qayğısının əhəmiyyətindən danışan FİDE-nin prezidenti Kirsan İlyumjinov ölkəmizdə şahmatın inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Azərbaycan dövlət başçısı tərəfindən şahmatın inkişaf etdirilməsi istiqamətində Dövlət Proqramı imzalanan yeganə ölkədir. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycan şahmatçıları beynəlxalq yarışlarda uğurla çıxış edirlər.
K.İlyumjinov vurğulamışdır ki, Azərbaycanın ev sahibi olduğu üçün reytinq xalından asılı olmayaraq 3 idmançısı dünya kuboku yarışlarında iştirak etmək hüququ qazanacaqdır. Digər idmançılar isə reytinq xallarına görə seçiləcəklər. Həmçinin ev sahibi olan ölkə Olimpiadaya böyüklər və gənclərdən ibarət yığma komandalarla yanaşı, uşaqlardan ibarət milli ilə də qatıla biləcəkdir. Bu mötəbər yarışlarla yanaşı, 2016-cı ildə FİDE-nin Baş Assambleyası da Bakıda keçiriləcəkdir.
Cari ilin noyabrında FİDE prezidenti seçilməsinin 17-ci ilinin tamam olduğunu bildirən K.İlyumjinov ilk səfərinin məhz Azərbaycana etdiyini diqqətə çatdırmışdır. Ümummilli lider Heydər Əliyev ilə görüşünü xatırladan FİDE prezidenti, Azərbaycanda hazırda aparılan dolğun idman siyasətinin təməlinin məhz ulu öndər tərəfindən qoyulduğunu söyləmişdir.
Tədbirdə bildirilmişdir ki, dünya kuboku yarışlarında 128, Dünya Şahmat Olimpiadasında isə təxminən 170-dən artıq ölkədən 3000-dək idmançı birincilik uğrunda mübarizə aparacaqdır.