CƏMİYYƏT
Bakıda Sülh Korpusu könüllülərinin 10-cu, yubiley andiçmə mərasimi olmuşdur
Bakı, 14 iyun (AZƏRTAC). Bakıda Sülh Korpusu könüllülərinin 10-cu - yubiley andiçmə mərasimi olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Sülh Korpusunun üzvləri çıxış etmişlər. Qeyd edilmişdir ki, könüllülər ölkəmizin 21 regionunda Azərbaycan ailələrində yerləşdiriləcəklər. Burada onlar xalqımızın adət-ənənələri ilə tanış olmaq, Azərbaycan dilini öyrənmək imkanı əldə edəcəklər.
Sonra Sülh Korpusunun 27 nəfər könüllüsü and içmişdir.
Mərasimdə ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar çıxış etmişdir. O, əvvəlki illər ərzində Sülh Korpusunun könüllülərini qəbul etmiş Azərbaycan ailələrinə təşəkkürünü bildirərək demişdir: “Mən yeni könüllüləri Azərbaycan mədəniyyəti və Azərbaycan dili ilə daha yaxından tanış olmağa çağırıram. Əminəm ki, könüllülər bu proqram çərçivəsində Azərbaycan haqqında daha çox şey öyrənə biləcəklər”.