MƏDƏNİYYƏT
Bakıda tanınmış Polşa fotoqrafının işlərindən ibarət sərgi açılmışdır
Bakı, 17 may (AZƏRTAC). Dillər Universitetində tanınmış Polşa fotoqrafı Bartek Barçikin işlərindən ibarət sərgi açılmışdır. Sərgidə nümayiş etdirilən fotoşəkillərdə Polşanın cənub-qərbində tarixi vilayətlərdən birinin - Şlenskin həyatı və məişəti təsvir olunmuşdur.
Polşanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, silsilə şəkillər Katovitse şəhərindəki Şlensk Muzeyi nəzdində fəaliyyət göstərən Teatr Quruluşları Mərkəzi ilə birgə layihə çərçivəsində çəkilmişdir.
Layihə üzərində iş zamanı həm teatr kostyumlarından, həm də Şlensk sakinlərinin milli geyimlərindən istifadə olunmuşdur.
Fotoşəkillər qədim ənənələri ilə şöhrət qazanmış bu tarixi vilayətin ən yoxsul şəhərlərində çəkilmişdir. Layihə təşkilatçılarının sözlərinə görə, bu, təkcə bədii deyil, həm də sosial funksiya daşıyır.
Sərginin açılışında Polşanın Azərbaycandakı səfiri Mixal Labenda və Dillər Universitetinin nəzdindəki Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva iştirak etmişlər.
Sərgi mayın 22-dək davam edəcəkdir.