CƏMİYYƏT
Bakıda və Mingəçevirdə baş vermiş yanğınların qarşısı alınmışdır
Bakı, 9 aprel (AZƏRTAC). Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evdə yanğın qeydə alınmışdır. Nəticədə evin xeyli hissəsi yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını almış, evin qalan hissəsini yanğından mühafizə etmişlər. Mənzildə kirayənişin yaşayan 1 nəfər tüstüdən zəhərlənmişdir. O, yanğınsöndürənlər tərəfindən xilas olunmuş və təcili tibbi yardım xidmətinə təhvil verilmişdir.
Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kvadratmetr olan köməkçi tikilidə yanğın baş vermişdir. Tikilinin xeyli hissəsi yansa da, hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər qalan hissəni alovdan mühafizə etmişlər, yanğın söndürülmüşdür.
Mingəçevir şəhərində isə istilik elektrik stansiyasının yağ tənzimləmə turbinində ani alışma baş vermişdir.
Burada da yanğın söndürülmüşdür. Təhlükəli vəziyyəti aradan qaldırılana kimi yanğınsöndürənlər hadisə yerində növbə çəkmişlər.