MƏDƏNİYYƏT
Bakıda VII Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində Azərbaycan Dövlət simfonik orkestrinin növbəti konserti olmuşdur
Bakı, 17 may (AZƏRTAC, Günay Kazımova). Mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında VII Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində dirijor Xetaq Tedeyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin növbəti konserti keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konsertin solistləri Rostropoviç Fondunun təqaüdçüləri Aleksandr Malofeyev (piano), Lizi Ramişvili (violonçel) və Daniel Lozakoviç (violin), Nicat Məmmədov (fleyta) olmuşlar.
Proqramda dünya şöhrətli bəstəkarlardan K.Sen-Sansın və F.Mendelsonun əsərləri səsləndirilmişdir.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri 1920-ci ildə yaradılmışdır. Orkestrin ilk dirijoru təcrübəli mütəxəssis M.İ.Çerynakovski təyin edilmişdir. Ötən əsrin 20-30-cu illərindən Böyük Vətən müharibəsinədək orkestrlə O.Klemperer, R.Baton və digər dünya şöhrətli dirijorlar çıxış etmişdir. 1938-ci ildə orkestr yenidən təşkil olunmuşdur. Orkestr bir çox xarici ölkələrdə - Almaniya, Türkiyə, Isveçrə, Misir, ABŞ, Fransa, Ingiltərə, Italiya, Birləşmiş Ərəb Əmirliklərində uğurla çıxış etmişdir.
Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilən festival mayın 18-dək davam edəcəkdir.