İQTİSADİYYAT
Bakıda Xəzər regionunda beynəlxalq qaz layihələrinin həyata keçirilməsi müzakirə olunmuşdur
Bakı, 19 aprel (AZƏRTAC). Azərbaycan Dövlət Neft Akademiyasının və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən V Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı aprelin 19-da bölmə iclasları ilə davam etmişdir.
AZƏRTAC xəbər verir ki, iclaslarda Türkiyənin BOTAŞ şirkətinin biznesin inkişafı və strateji planlaşdırma üzrə direktoru Levənt Özgül, “Nabukko” konsorsiumunun əlaqələr və ictimai işlər şöbəsinin rəhbəri Kristian Dolezal, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia və başqaları “Cənub dəhlizi”ndə Türkiyənin rolu, Xəzər regionunda beynəlxalq qaz layihələrinin həyata keçirilməsi, “Nabukko” qaz dəhlizinin Avropanın enerji təminatında yeri və enerji marşrutlarının şaxələndirilməsindəki önəmi və s. mövzularda çıxış etmiş, müzakirələr aparılmışdır.
Konfransda Xəzəryanı ölkələr də daxil olmaqla, ənənəvi regional tərəfdaşlardan Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, Bolqarıstan, həmçinin ABŞ, Avropa İttifaqı və Asiya-Sakit okean regionu ölkələrindən 150-dən çox nümayəndə iştirak edir.