MƏDƏNİYYƏT
Bakıda “Yaz dirçəlişi” adlı sərgi açılacaq
Bakı,30 mart, AZƏRTAC
Aprelin 13-dən 19-dək “Natavan Gallery”də gənc rəssam Aysel Abdullazadənin “Yaz dirçəlişi” adlı sərgisi təqdim ediləcək.
Qalereyadan AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın kvilling texnikasıyla hazırladığı işlər nümayış olunacaq.
Kvilling - rəngli kağız zolaqlarından müxtəlif rəsm əsərləri, heykəllərin yaradılması ilə məşğul olan bir incəsənət növüdür. Bu sərgidə qonaqlar A.Abdullazadənin yaza gülümsəyərək oyanan rəngarəng “kağız dünyası” ilə tanış ola bilərlər.
Belə incəsənət növü XIV əsrin sonu XV əsrin əvvəllərində Aralıq dənizi ətrafinda yerləşən Avropa ölkələrində ortaya çıxıb. Hesab olunur ki, kvilling monaxlar tərəfindən icad olunub. Beləki, onlar zərli kitab kənarlarını kəsərək quş lələyi kimi qatlamaqla qızıl miniatür imitasiyalar yaradıblar. Quill-ingiliscədən tərcümədə “quş lələyi” deməkdir.