ELM VƏ TƏHSİL
Bakıda yeni saytın təqdimatı keçirilib
Bakı, 11 yanvar, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində Strasburq Universitetinin prezidenti Mişel Deneken və Ren 1 Universitetinin prezidenti David Alisin iştirakı ilə France Alumni Azərbaycan internet saytının (www.azerbaidjan.francealumni.fr) təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Mişel Deneken çıxış edərək Fransa ilə Azərbaycan universitetləri arasındakı əlaqələrin tarixindən danışdı. O, bu əlaqələrin qurulmasında şəxsən iştirakından qürur duyduğunu bildirib.
Strasburq və Ren 1 universitetlərinin intensiv tədqiqat sahəsində Fransada kifayət qədər tanındığını söyləyən Mişel Deneken deyib ki, onlar Azərbaycanda da bu istiqamətdə yüksək səviyyəli işlərin aparılmasında maraqlıdırlar.
David Alisin isə təqdim olunan portalın yaranmasına əməyini əsirgəməyən hər kəsə təşəkkürünü bildirib. O, belə internet resursları vasitəsilə tələbələrin, məzunların yeni biliklər əldə biləcəyinə, daha geniş əlaqələr quracaqlarına əminliyini ifadə edib.
Təqdimat mərasimində Fransada təhsil almış məzunlar, Azərbaycan Təhsil Nazirliyinin, yerli universitetlərinin və şirkətlərin nümayəndələri iştirak ediblər.