İQTİSADİYYAT
Bakıdan Ciddə və Burayda (Əl-Qassim) istiqamətində reyslərə aviabiletlər AZAL-ın saytında satışa buraxılıb
Bakı, 31 may, AZƏRTAC
Azərbaycanın milli aviadaşıyıcısının "www.azal.az" saytında AZAL-ın iki yeni istiqaməti - Səudiyyə Ərəbistanının Burayda (Əl-Qassim Beynəlxalq Aeroportu - ELQ) və Ciddə (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) şəhərlərinə yerinə yetirilən reyslərə aviabiletlər əldə etmək olar.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, birbaşa uçuşlar yay cədvəli çərçivəsində həftədə bir dəfə həyata keçiriləcək. Bakı-Ciddə-Bakı reysləri cümə axşamı (iyunun 21-dən avqustun 30-dək) və Bakı- Əl-Qassim-Bakı reysləri cümə günləri (iyunun 15-dən avqustun 31-dək) yerinə yetiriləcək.
Yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880) telefon nömrələri və [email protected] elektron ünvanı ilə əlaqə saxlamaq mümkündür.