RƏSMİ XRONİKA
“BAKIELEKTRİKŞƏBƏKƏ” VƏ “SUMQAYITELEKTRİKŞƏBƏKƏ” SƏHMDAR CƏMİYYƏTLƏRİNİN FƏALİYYƏTİNİN TƏMİN EDİLMƏSİ İLƏ ƏLAQƏDAR BƏZİ MƏSƏLƏLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Səhmdar cəmiyyətlərinin payız-qış mövsümünə hazırlığının artırılması, əhalinin və iqtisadiyyatın elektrik enerjisinə olan tələbatının etibarlı şəkildə ödənilməsi, elektrik şəbəkələrində lazımi həcmdə təmir-sazlama və yenidənqurma işlərinin aparılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının artırılması məqsədi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə 15,0 milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu sərəncamın 1-ci bəndinə müvafiq olaraq ayrılmış vəsaitin “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətləri üzrə bölüşdürülməsini həyata keçirsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndi ilə ayrılmış vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2006-cı il.