İQTİSADİYYAT
Bakıətrafı qəsəbələrin su və kanalizasiya sistemlərinin yenidən qurulmasına 1,5 milyard manat vəsait tələb olunur
Bakı, 16 oktyabr (AZƏRTAC). Bakıətrafı qəsəbələrin su və kanalizasiya sisteminin yenidən qurulması üçün təqribən 1,5 milyard manat vəsait tələb olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov jurnalistlərə müsahibəsində demişdir.
Sədr bildirmişdir ki, bu məbləğ ilkin texniki-iqtisadi əsaslandırma nəticəsində müəyyən edilmişdir. İlkin qiymətləndirmələr zamanı bəzi məsələlər, o cümlədən yeni texnologiyaların tətbiqi, avtomatik idarəetmə sistemi, mərkəzdən idarəetmə, sayğacların avtomatik oxunması, standartların tətbiqi, mərkəzi su laboratoriyasının yaradılması və digər işlər nəzərə alınmamışdır. Bu layihələrdən yalnız Kürdəxanının su və kanalizasiya sisteminin yaradılması, həmçinin Pirşağıda sutəmizləyici qurğunun tikintisi Koreya Respublikasının vəsaitləri hesabına olacaqdır. Qalan vəsaitlər dövlət büdcəsindən ayrılacaqdır.