İQTİSADİYYAT
Bakının baş planı Abşeron yarımadasını da əhatə edəcəkdir
Bakı, 12 yanvar (AZƏRTAC). Bakının regional inkişaf planı 2030-cu ilədək olan dövrü əhatə edəcəkdir. Sovet dövründə hazırlanmış mövcud baş plan artıq bazar iqtisadiyyatının bütün tələblərinə cavab vermədiyi üçün Dünya Bankının dəstəyi ilə böyük Bakının inkişaf planı hazırlanır. Bu, yeni baş planın hazırlanması üçün əsas olacaqdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev AZƏRTAC-a bildirmişdir ki, paytaxtın baş planı əvvəlkilərdən fərqlənəcəkdir. Bu, bütünlüklə Bakının və ətraf qəsəbələrin, ümumilikdə Abşeron regionunun inkişaf parametrini də müəyyən edəcək daha uzunmüddətli sənəd olacaqdır. Bu planın işlənməsi zamanı anoloji dünya təcrübələrinə istinad ediləcək, Sumqayıt şəhərinin və Abşeron rayonunun da inkişaf parametrləri nəzərə alınacaqdır. Bununla yanaşı, hazırda Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırılması üzrə də işlər görülür.
C. Qocayev diqqətə çatdırmışdır ki, hazırlanacaq baş planda lazım gələndə dəyişikliklər də ediləcəkdir. Çünki gələcəkdə şəhərin ayrı-ayrı zonalarında və landşaft arxitekturasında dəyişiklik etmək, həm də dövlət əhəmiyyətli yeni obyektlərin tikintisi nəzərdə tutula bilər. Bu da, öz növbəsində baş planda müəyyən dəyişikliklərə ehtiyac yaradacaqdır.