ELM VƏ TƏHSİL
Bakının məktəblərində son zəng çalınıb
Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da tədris həftəsi beş günlük olan ümumtəhsil məktəblərində XI sinfi bitirən şagirdlər üçün son zəng çalınıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, 2014-2015-ci tədris ilində paytaxtın ümumi təhsil məktəblərinin XI sinfini 20.501 şagird bitirib.
“Son zəng” münasibətilə Qaradağ rayonundakı 228 nömrəli tam orta məktəbdə təntənəli bayram tədbiri təşkil edilib.
Tədbirdə təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Ceyhun Bayramov 2014-2015-ci tədris ilində təhsil sahəsindəki yeniliklərdən danışıb. O, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin keçirilməsi, bununla bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin dərs yükü normasının 1,5 dəfə, vəzifə maaşlarının iki dəfə artırılmasından söz açıb və bu mühüm sənədin müəllimlərin sosial rifahının yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi qeyd edib. C.Bayramov məzunlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində ölkənin nailiyyətlərini daha da artırmağı arzulayıb.
Tədbirdə məzunların iştirakı ilə mahnı və rəqslərdən ibarət konsert proqramı təqdim olunub.
Qeyd edək ki, tədris həftəsi altı günlük olan məktəblərin məzunları üçün “Son zəng” tədbiri mayın 30-da keçiriləcək.