SİYASƏT
Bakının Qaradağ rayonunda səsvermə seçicilərin mütəşəkkilliyi ilə davam edir [YENİLƏNİB]
Bakı, 9 oktyabr (AZƏRTAC). Bakının Qaradağ rayonundakı bütün seçki məntəqələrində səsvermə seçicilərin mütəşəkkilliyi ilə davam edir.
12 saylı seçki dairəsi dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə AZƏRTAC-a bildirmişdir ki, saat 12.00-dək dairə üzrə 31 məntəqədə 41 min 387 seçicidən 11 min 727 nəfər ( 26,21 faiz) istədiyi namizədə səs vermişdir. Seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər.
5 saylı seçki məntəqəsinin sədri İntizar İsmayılova demişdir ki, seçkinin bütün qaydalarına əməl olunur. Seçicilərin rahat səs vermələri üçün məntəqədə hər cür şərait yaradılmışdır. Beynəlxalq müşahidəçilər də seçkilərin gedişini yüksək qiymətləndirirlər.
Prezidentliyə namizəd Zahid Orucun nümayəndəsi Elşən Şeydayev demişdir: “Heç bir narahatçılıq yoxdur. Hər bir seçici gəlib istədiyi namizədə səs verir. Biz hələlik seçkilərin gedişindən razıyıq”.
Neftçi Rəhilə Abbasova: “Seçki məntəqəsində yaradılan şəraitdən razıyam. Mən ürəyim istədiyi namizədə səs vermişəm”.
Müstəqil müşahidəçilər də əhalinin seçkilərdə fəal iştirakını vurğulamışlar.
11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının sədri Azər Ələsgərov demişdir ki, saat 12:00-dək dairə üzrə 34 məntəqədə 41 min 850 seçicidən 14 min 390 nəfər ( 31, 4 faiz) istədiyi namizədə səs vermişdir. Vətəndaşlar seçkilərdə fəallıq və mütəşəkkillik nümayiş etdirirlər.
Beynəlxalq müşahidəçilər bildirmişlər ki, seçkilər normal qaydada gedir. Hələlik seçki pozuntusu qeydə alınmamışdır.