ELM VƏ TƏHSİL
Bakının ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının sayı artırılır
Bakı, 9 yanvar, AZƏRTAC
Bakının ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının sayı artırılır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanvarın sonunadək yeni qruplara uşaqların qeydiyyatı aparılacaq, məşğələlərə başlanılacaq. Məşğələlər iyunun sonunadək davam edəcək.
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 89 məktəbdə fəaliyyət göstərən hazırlıq qruplarına 1.907 uşaq cəlb olunub. Azərbaycan bölməsi üzrə 118, rus bölməsi üzrə 27 qrup yaradılıb. Azərbaycan bölməsi üzrə qruplarda uşaqların sayı 1.579, rus bölməsi üzrə qruplarda isə 328 nəfərdir.
Həftədə dörd gün fəaliyyət göstərən hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlamaları, dərs prosesinə öncədən alışmaları, müəyyən bilikləri əldə etmələridir.
Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında məşğələlər təcrübəli, bacarıqlı, eyni zamanda, Müəllimlərin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimlərinə həvalə olunub.