İQTİSADİYYAT
Bakıya məcburi eniş edən təyyarənin sərnişinləri “British Airways”ın digər təyyarəsi ilə Londona uçublar
Bakı, 12 dekabr, Laçın Sultanova, AZƏRTAC
Bakıya məcburi eniş edən təyyarənin sərnişinləri “British Airways”ın digər təyyarəsi ilə Londona uçublar.
Heydər Əliyev Beynəlxalq Aeroportundan AZƏRTAC-a bildiriblər ki, “British Airways” şirkəti dekabrın 11-də Bakı aeroportunda məcburi eniş etmiş təyyarənin sərnişinlərini aparmaq üçün yeni təyyarə göndərib. Təyyarə sərnişinləri qəbul edib və Londona istiqamət götürüb. Birinci təyyarənin ekipajı və təyyarənin özü Bakıda qalıblar. Ekipaj uçuşa hazır olanda həmin təyyarə də Bakını tərk edəcək.
“British Airways” şirkətinin “Boeing 777” təyyarəsi dekabrın 11-də Bakıda məcburi eniş edib. Mumbai-London istiqamətində uçan təyyarədə tüstülənmə yarandığına görə hava gəmisinin kapitanı Bakıda məcburi eniş etmək barədə qərar qəbul edib.
Müvəffəqiyyətlə yerə enən təyyarəyə Bakı aeroportunda texniki baxış keçirilib. Təyyarənin 135 sərnişini və 17 heyət üzvü olub.
İlk öncə təyyarənin kapitanı sərnişinlərin təyyarədə qalması barədə qərar qəbul etmişdi. Lakin sonra sərnişinlərin təyyarəni tərk etməsi barədə qərar qəbul edib. Texniki baxış keçiriləndən sonra təyyarə uçuşa hazır idi. Lakin ekipajın iş vaxtı bitdiyi üçün o istirahət etməli idi. Sərnişinlər aeroportun tranzit zonasında yerləşdirilmişdi. Onlara istənilən kömək göstərilib, qida və içkilərlə təmin olunublar.