İQTİSADİYYAT
Bakıya təcili eniş edən “Air İndia” aviaşirkətinin təyyarəsi Mumbai şəhərinə uçub
Bakı, 25 yanvar, Elvin Camalov, AZƏRTAC
Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edən “Air İndia” aviaşirkətinə məxsus təyyarə yanvarın 25-də Mumbai şəhərinə uçub.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski AZƏRTAC-a deyib.
O bildirib ki, Londondan Hindistanın Mumbai şəhərinə uçan təyyarə göyərtəsindəki sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib. 72 yaşlı Böyük Britaniya vətəndaşı olan sərnişin təyyarə hələ havada olarkən ürək çatışmazlığından vəfat edib.
İngiltərənin paytaxtı Londonun “Hitrou” aeroportundan Hindistanın Mumbai şəhərində yerləşən “Çatrapati” beynəlxalq aeroportuna uçan və göyərtəsində 246 sərnişin və 11 ekipaj üzvü olan Boeing Dreamliner “B787-800” təyyarəsi yolunu davam etdirib. Britaniyalı sərnişinin meyiti isə Bakıda saxlanılıb. Hal-hazırda meyitin Britaniya tərəfinə təhvil verilməsi məsələsi həll olunur.