İQTİSADİYYAT
“BakuBus” MMC 1 nömrəli avtobusları xəttə buraxıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 6-dan etibarən “BakuBus” MMC-nin 1 nömrəli avtobusları xəttə buraxılıb.
AZƏRTAC xəbər verir ki, “BakuBus” MMC-nin direktor müavini Vüsal Kərimli avtobusların səhər saat 06:00-dan gecə 24:00-dək xidmət göstərəcəyini və ilkin olaraq bu xətt üzrə 14 avtobusun fəaliyyətə başladığını söyləyib. Əhalinin bu xəttdən istifadəsi nəzərə alınaraq avtobusların sayı artırıla və ya azaldıla bilər.
Vüsal Kərimli vurğulayıb ki, avtobuslar Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş dayanacaqlarda dayanacaq. Dayanacaqlardan kənarda dayanan sərnişinlər avtobuslardan istifadə edə bilməyəcəklər.
Sürücülərin iş qrafiki ilə bağlı məsələyə toxunan Vüsal Kərimli bildirib ki, onlar Əmək Məcəlləsinə uyğun çalışacaqlar. “BakuBus” MMC-də işləyən sürücülər iş qrafikindən asılı olaraq 600-700 manat arasında aylıq əməkhaqqı alacaqlar.
Direktor müavini onu da qeyd edib ki, avtobusun intervalı əhalinin sıxlığından asılı olaraq bazar günləri 5-10, iş günlərində isə 3 dəqiqə arasında dəyişəcək. Digər avtobus dayanacaqlarında vahid kart sistemi quraşdırıldıqdan sonra “BakuBus” MMC mərhələli şəkildə digər xətlər üzrə də avtobusları əhalinin istifadəsinə verəcək. İlkin olaraq 14 xətt üzrə avtobusların fəaliyyət göstərməsi nəzərdə tutulub.
Qeyd edək ki, avtobuslarda nağd pul qəbul olunmayacaq və “BakıKart” vahid kart ödəmə sistemi ilə avtobusların xidmətindən yararlanmaq mümkün olacaq. Gediş haqqı isə 20 qəpikdir.