İQTİSADİYYAT
“BakuBus” MMC tərəfindən təşkil edilən təlimdən uğurla keçən sürücülər işlə təmin olunacaq
Bakı, 16 fevral, Elvin Camalov, AZƏRTAC
“BakuBus” MMC tərəfindən təşkil edilən təlimdən uğurla keçən sürücülər işlə təmin olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, “Baku Bus” MMC 25-40 yaş arası “D” kateqoriyalı və ictimai nəqliyyatın idarə edilməsində minimum 3 illik əmək stajı olan sürücülərin hazırlığı üzrə idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ödənişli proqram layihəsini təqdim edir. Cəmi 10 gün davam edəcək təlimin sonunda “BakıBus” MMC-yə məxsus avtobuslarda xidmətə tam hazır olmaq artıq sürücülərin öz əlindədir. Avstriyada təlim keçən yüksək peşəkar mütəxəssislərimiz bu işdə sürücülərin bələdçisi olacaq.
N.Allahyarova bildirib ki, Test&Training Azerbaijan - Sürücü Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu kurslar sürücülərə sürücülük peşəkarlığını artırmaq imkanı verir. Məşğələlər “Yol hərəkəti qaydaları”, “Nəzəri dərslər”, “Praktiki məşğələlər”, “Təhlükəsiz idarəetmə məşqləri”, “Psixoloji dərslər və ilk tibbi yardım”, “Təhlükəsiz qaydaları”, “Şəhərdə sürmə testi və baş vermiş qəzaların analizi” olmaqla 7 məşğələ mövzusunu əhatə etməklə 10 gün nəzərdə tutulub .
Təlimlər üçün sürücülərə ən uyğun dərs qrafiki təklif edildiyini söyləyən N.Allahyarova dərslərin 12 nəfərlik qrup şəklində, işıqlı otaqlarda, təlim mərkəzində və müasir metodika ilə tədris olunacağını söyləyib.
Qeyd edək ki, təlimdən uğurla keçən sürücülər 4 ay müddətində “BakıBus” MMC-də işlə təmin olunacaqlar. Təlimdə iştirak etmək istəyən sürücülər (http://tta.az/) saytına daxil olub qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat üçün (077) 250-00-46 (48) nömrələri ilə əlaqə saxlaya bilərlər.