İDMAN
Balaca şahmatçılarımız Avropa kubokunda 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanmışlar
Bakı, 25 iyun (AZƏRTAC). Gürcüstanın Ureki şəhərində 12 yaşadək uşaqlar arasında şahmat üzrə keçirilən Avropa Kubokunun yarışları başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, 10 ölkədən 260-dək şahmatçının iştirak etdiyi yarışlarda Azərbaycandan müxtəlif yaş qrupları üzrə 59 zəka sahibi qələbə uğrunda mübarizə aparmışdır. Təmsilçilərimiz uğurlu çıxış edərək 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanmışlar.
Vüqar Əsədli 12 yaş oğlanlar arasında keçirilən 9 oyundan 8 xal toplayaraq qızıl medal qazanmışdır. Kənan Qarayev isə aktivinə 6.5 xal yazaraq bürünc medalın sahibi olmuşdur.
On yaşlı oğlanlar arasında yarışda Vüqar Manafov və Fərid Mustafayev 7 xalla gümüş və bürünc medalın sahibi olmuşlar. Qızların yarışında isə Mingəçevir şahmatçısı Zeynəb ismayılzadə gümüş medala layiq görülmüşdür. Digər gümüş medalı isə 8 yaşlılar arasında mübarizə aparan və 9 oyundan 8 xal toplayan Aydın Süleymanlı qazanmışdır.
Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilmişdir.