MƏDƏNİYYƏT
BALACA VAQİFİN BÖYÜK ARZUSU
Bakı, 27 aprel (AZƏRTAC). Hər il Türkiyə Cümhuriyyətində keçirilən 23 Nisan Beynəlxalq Cocuq bayramına Azərbaycandan da balaca istedadlar dəvət olunur.
Bu bayram qardaş ölkənin bütün bölgələrində qeyd edilir. Şənliklərin əsas ağırlığı təbii ki, Ankara, İstanbul, İzmir kimi iri şəhərlərin üzərinə düşür və bu şəhərlərin ən böyük konsert və teatr salonları, park və xiyabanları, idman və istirahət mərkəzləri dünyanın müxtəlif dövlətlərindən, o cümlədən Türkiyənin hər yerindən gəlmiş uşaqların ixtiyarına verilir. Bir neçə gün ərzində uşaqlar ölkənin dövlət və hökumət nümayəndələri, şəhər rəhbərləri ilə görüşür, onlara öz arzu və istəklərini bildirirlər. Təbii ki, ən şanslı uşaqlara bir günlük prezident, baş nazir və digər strukturların rəhbərlərinin kreslosunda oturmaq xoşbəxtliyi də nəsib olur və onlar bu uca kürsülərdən dünyanın və insanlığın taleyini müəyyənləşdirən dövlətlərin başçılarına müraciət etmək fürsəti qazanırlar.
Builki festivalda Azərbaycan uşaqlarını Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyasının “Təbəssüm” rəqs ansamblı təmsil etmişdir. Balaca artistlərimiz öz gözəl rəqsləri ilə yaşıdlarının və on minlərlə tamaşaçının könlünü fəth etməyə müvəffəq olmuşlar. Ansamblın solisti Vaqif Əsədov “seçilmişlər” sırasında ölkə rəhbərləri ilə görüşmək şərəfinə layiq görülmüşdür. Digər ölkələrdən gəlmiş yaşıdları kimi o da Türkiyə Prezidenti Abdullah Güllə, Baş nazir Rəcəb Tayyib Ərdoğanla, TBMM-in sədri Mehmet Ali Şahinlə söhbətlərdə iştirak etmiş, onlara Azərbaycan uşaqları adından xatirə hədiyyələri vermişdir. Bu görüşlərdə balaca Vaqif doğma vətənindəki uşaqların arzusunu vurğulayaraq bildirmişdir ki, Azərbaycanda türkün-türkdən başqa dostu yoxdur inamı ilə yaşayırlar. Nə gözəl ki, biz dostuq, bir yerdəyik, bir-birimizə dayağıq və bundan sonra da bir yerdə olacağıq!
Bu sözləri eşidən Baş nazir Rəcəb Tayyib Ərdoğan Vaqifin təqdim etdiyi hədiyyəni aldıqdan sonra onu bağrına basaraq, “Bu bayramda mənim üçün ən dəyərli hədiyyə sənsən” - deyərək ona səmimi ürək sözləri üçün təşəkkürünü bildirmişdir.
Türkiyənin aparıcı qəzetləri azərbaycanlı oğlanın arzusunu qəzetlərin manşetinə çıxarmış, onun ölkə rəhbərləri ilə bərabər çəkilən şəkillərini dərc etmişdir.
######