REGİONLAR
Balakən məktəbliləri şeir müsabiqəsində ifaçılıq məharətlərini nümayiş etdiriblər
Balakən, 17 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Balakən rayon Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Müstəqil Azərbaycan” adlı şeir müsabiqəsində rayonun ümumtəhsil məktəblərini təmsil edən 50-dək yeniyetmə və gənc öz ifaçılıq məharətini nümayiş etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ifalara başlamazdan əvvəl Mərkəzin direktoru Ləman Balayeva çıxış edərək, 28 ildir xalqımızın oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümünü böyük sevinc və iftixar hissi ilə qeyd etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, bu illər ərzində Azərbaycanın qazandığı bütün uğurlar məhz Ulu Öndərin müdrikliyi sayəsində müstəqilliyimizin qorunub saxlanmasının məntiqi nəticəsidir.
Müsabiqə iştirakçılarının ifaçılıq qabiliyyətləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun nəticəyə əsasən, Balakən şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Səadət Çerçiyeva müsabiqənin qalibi adını qazanıb. Tülü kənd tam orta məktəbin şagirdi Kamilə Bayramova və Balakən humanitar və texniki təmayüllü liseyin təmsilçisi Şamxal Qurbanov ikinci yerə layiq görülüblər. Hənifə kənd tam orta məktəbin şagirdləri Polad Əhmədov və Rəsul Məmliyev üçüncü olublar.
Müsabiqənin qalibləri Heydər Əliyev Mərkəzi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.