REGİONLAR
Balakəndə yaz tarla işlərinə başlanılmışdır
Balakən, 16 mart (AZƏRTAC). Balakən rayonunun şəxsi təsərrüfatlarında bir-neçə gündür ki, yazlıq bitkilərin əkininə başlanılmışdır. Fermerlər indiyədək 300 hektara yaxln sahədə tərəvəz, 383 hektar sahədə kartof əkmişlər. Torpaq mülkiyyətçiləri yaxın günlərdə qarğıdalı, günəbaxan, yonca və digər bitkilərin əkininə başlayacaqlar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, əsasən faraş tərəvəz əkini ilə məşğul olan Qazma və Qabaqçöl zonası kəndlərində hazırda istixanalarda məhsul yetişdirilir. Fermerlər mayin əvvəlində daxili bazarlara nübar məhsul çıxaracaqlar.
Rayonun heyvandarları cari ilin ilk iki ayında 798 ton ət, 2.731 ton süd və 1 milyon 442 min ədəd yumurta istehsal etmişlər. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 7 ton, süd istehsalı 11 ton, yumurta istehsalı isə 14 min ədəd artmışdır.