REGİONLAR
Balakəndə yazlıq bitkilərin əkin sahələri 819,5 hektar artıb
Balakən, 28 iyun, Mustafa Dadaşov, AZƏRTAC
2016-cı ildə Balakən rayonunda yazlıq bitkilərin əkin sahələri əvvəlki illə müqayisədə 819,5 hektar və ya 6 faiz artırılaraq 14 min 402,5 hektara çatdırılıb.
Bu barədə AZƏRTAC-a Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, əkin sahələrinin artmasında tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər əsas rol oynayıb. Belə ki, uzun illər fasilədən sonra bu il rayonda ilk dəfə 501 hektar sahədə tütün əkilib. Balakənli fermerlər qarğıdalı əkininə da marağı ildən-ilə artırırlar. Cari ildə təsərrüfatlarda qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 143,5 hektar artırılaraq 7 min 244,5 hektara çatdırılıb. Kartof, tərəvəz, lobya və bostan bitkilərinin əkin sahələri də əvvəlki illə müqayisədə artıb. Yonca səpilən sahələr isə 2015-ci illə müqayisədə 150 hektar artıb.