MƏDƏNİYYƏT
“Bankir adaxlı” tamaşası bərpa edilir
Bakı, 12 may (AZƏRTAC). Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşası bərpa edilir.
Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tamaşanın ilk premyerası 2000-ci il mayın 12-də rejissor Faiq Zöhrabovun quruluşunda olmuşdur. Həmin quruluşda Xalq Artisti Hacıbaba Bağırov (Atakişi), daha sonralar Xalq Artisti İlham Namiq Kamal, Xanım Qafarova (Məleykə), Gülcahan Salamova (Gülbikə), Ofelya Əfqanlı (Səmayə), Gülnar Salmanova (Maral), Lütfiyyə Səfərova (Ceyran), Fatma Mahmudova (Ağuçu), Novruz Qartal (Dilənçilər padşahı) və digər tanınmış sənətkarlar oynamışlar.
Dörd illik fasilədən sonra “Bankir adaxlı” tamaşasının ikinci bərpa işi Xalq Artisti Afaq Bəşirqızına həvalə olunmuşdur. Aktrisa bunu, tamaşaçı tələbatı ilə əlaqələndirək demişdir: “Bankir adaxlı” tamaşası vaxtilə teatrın ən çox sevilən, anşlaqla keçən, seyrçi korluğu çəkməyən quruluşlarından biri olmuşdur. Tamaşaçılar yeni səhnə əsərləri ilə yanaşı, retro tamaşalara baxmaq istəyirlər. Həm teatra, həm də birbaşa mənim özümə dəfələrlə istək zəngləri olmuşdur. Xüsusilə də “Xanuma”, “Yeddi məhbusə anası”, “Bankir adaxlı” ən çox tələb olunan tamaşalardır.
Bərpa zərurətini yaradan digər faktor - mənim 2 illik fasilədən sonra yenidən səhnəyə qayıtmağımdır”.
Afaq Bəşirqızı, həmçinin əlavə etmişdir ki, tamaşasının ikinci bərpası həm quruluş, həm yaradıcı heyətin tərkibi, həm də rol bölgüsü ilə fərqlənəcəkdir.
“Bankir adaxlı” tamaşasının yeni yaradıcı heyətinin tərkibində Əməkdar Artist Çingiz Əhmədov, aktyorlardan Məhərrəm Qurbanov, Elnarə Nağdəliyeva, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Türkel Şabanova, Möylə Mirzəliyev, Elxan İsmayılov, Elçin İmanov, Fərid Rzayev iştirak edirlər.
Premyerası mayın 24-ə planlaşdırılan tamaşanın dirijoru Fəxrəddin Atayev, konsertmeystri Zülfiyyə Sadıxova, rejissor assistenti Elməddin Dadaşovdur.