SİYASƏT
BARAK OBAMA ÇİKAQODA SEÇİCİLƏRİ QARŞISINDA ÇIXIŞ ETMİŞDİR
Noyabrın 4-də Çikaqonun Qrand Park rayonunda prezident seçkilərində Demokratlar Partiyasından namizəd Barak Obamanın Respublikaçılar Partiyasından namizəd Con Makkeyn üzərində qələbəsini qeyd etmək üçün 70 mindən çox adam toplaşmışdı. Mitinqi KİV-lərin 4600-dən çox nümayəndəsi, o cümlədən jurnalistlər qrupunun tərkibində seçkiləri müşahidə etmiş AZƏRTAC-ın müxbiri Orxan Muradov işıqlandırmışdır.
ABŞ-ın ilk Afrika mənşəli 44-cü prezidenti Barak Obama çoxminli auditoriya qarşısında çıxışına “biz Amerika Birləşmiş Ştatları olmuşuq və qalacağıq. Amerikada dəyişikliklər dövrü yetişdi” sözləri ilə başlamışdır.
Obama vurğulamışdır ki, Birləşmiş Ştatlar qarşısında İraq müharibəsi və dünya maliyyə böhranı kimi çox çətin vəzifələr durur. O, seçkilərdəki rəqibi Con Makkeyn ilə əməkdaşlıq etmək niyyətində olduğunu bildirmişdir. C.Makkeyn bir qədər əvvəl Foniksdə çıxış edərək Obamanı prezident seçilməsi münasibətilə təbrik etmişdir. İlkin məlumatlara görə, Obama səslərin 52 faizini toplamışdır. O, son 20 ildə bu həddi keçən ilk ABŞ Prezidentidir. Obama adətən seçkilərdən kənarda qalan gəncləri, habelə ABŞ-ın Afrika mənşəli və ispandilli vətəndaşlarını öz tərəfinə çəkə bilmişdir. Seçkilər getdikcə dərinləşən maliyyə böhranı və İraq müharibəsi ilə bağlı narazılıq fonunda keçmişdir. Bütün bunlar Respublikaçılar Partiyasından olan namizədin imkanlarına mənfi təsir göstərmişdir.