DÜNYA
Barak Obama milli səhiyyə sistemində islahatın uğurlu olduğunu bildirmişdir
Bakı, 3 aprel (AZƏRTAC). ABŞ Prezidenti Barak Obama milli səhiyyə sistemində onun adı ilə bağlı islahatın uğurlu olduğunu bildirmişdir.
Tibbi sığorta polislərinin əldə edilməsi və yenidən rəsmiləşdirilməsi müddəti artıq başa çatmışdır. Gecikənləri cərimə gözləyir.
Lakin dövlət başçısının sözlərinə görə, son yarım ildə təzə tibbi sığorta polisləri alanların sayı 7 milyondan çoxdur. Ağ Ev də öz qarşısına məhz bu vəzifəni qoymuşdu.
Prezident Obama demişdir: “Kim bu qanunun daha yaxşı işləməsini arzu edirsə, mən həmişə belə insanlarla işləyəcəyəm. Lakin qanunun qüvvəsinə xitam verilməsi barədə debatlar artıq keçmişdə qalıb. Əlyetərli səhiyyə haqqında qanun işləyəcəkdir”.
Səhiyyə islahatına əsasən Amerika sakinlərinin böyük əksəriyyəti, hətta onlar bunu istəməsələr belə, tibbi sığorta polisi almağa və ya onu təzələməyə borcludur. Bu halda yoxsul vətəndaşlara dövlət subsidiyası verilir.
İslahatın opponentləri, ilk növbədə respublikaçılar var gücü ilə buna mane olmağa çalışır, həmin proqramın Amerikanın səhiyyə sistemini dağıdacağını iddia edirdilər.