CƏMİYYƏT
Baş Dövlət Yol Polisi İdarəsi Qubada sərnişinlər üçün maarifləndirmə tədbiri keçirib
Bakı, 15 noyabr, AZƏRTAC
“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın məqsədlərinə, eyni zamanda, sərnişindaşıma sahəsində hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Daxili İşlər Nazirliyi rəhbərliyinin bilavasitə göstərişlərinə uyğun olaraq, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qabaqlayıcı tədbirlərin, maarifləndirmə xarakterli görüşlərin keçirilməsinə diqqət daha da artırılıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, Dövlət Yol Polisi əməkdaşları Quba Avtovağzal Kompleksində sərnişinlərlə maarifləndirmə tədbiri keçiriblər. Tədbirdə tövsiyə xarakterli məlumatların əks olunduğu elektron və çap materialları sərnişinlərin diqqətinə çatdırılıb. Sərnişinlərə nəqliyyat vasitələrində hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlər etməməyin, mobil telefondan istifadə edən, yol hərəkəti qaydalarını pozan sürücülərə irad bildirməyin, sürücülərdən intizam qaydalarına riayət etmələrinin tələb olunmasının vacibliyi diqqətə çatdırılıb. Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər barəsində Baş Dövlət Yol Polisi İdarəsinin 902 - qaynar xəttinə dərhal məlumat vermələri xahiş olunur.
Tədbirdə verilən məlumatlar və paylanan təbliğat materialları sərnişinlər tərəfindən maraqla qarşılanıb.