DÜNYA
Baş qərargah: Əl-Bab şəhəri tam nəzarətə götürülüb
Bakı, 24 fevral, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı İŞİD qruplaşmasının Suriyada əsas dayaq məntəqələrindən biri olan Əl-Bab şəhərinə nəzarətin tam təmin edildiyini bildirib. Hərbçilərin sözlərinə görə, şəhərin bütün rayonları Türkiyə ordusunun və Suriya müxalifətinin nəzarəti altındadır.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda ərazinin minalardan və əldəqayırma partlayıcı qurğulardan təmizlənməsi işləri aparılır.
Xatırladaq ki, Türkiyə Suriyanın şimalını müxtəlif silahlı qruplaşmalardan azad edərək həmin ərazilərdə de-fakto təhlükəsizlik zonası yaratmaq məqsədi ilə 2016-cı il avqustun 24-də “Fərat qalxanı” əməliyyatına başlayıb. Birgə hərəkət edən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu son iki ayda qüvvələrini Əl-Bab şəhərinin azad olunması istiqamətində cəmləyib.
Əməliyyat çərçivəsində, ümumilikdə, 230 yaşayış məntəqəsi və 1925 kvadratkilometr ərazi nəzarət altına götürülüb.