REGİONLAR
“Basqal” qoruğunun inkişaf konsepsiyası ictimaiyyətə təqdim edilib
İsmayıllı, 6 may, AZƏRTAC
Mayın 6-da İsmayıllı şəhərində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yeni inkişaf konsepsiyasının təqdimatı keçirilib.
Tədbirdə ictimai-siyasi xadimlər, dövlət nümayəndələri və qəsəbənin sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digərləri çıxış edərək Böyük İpək Yolunun üzərində yerləşən Basqalın özünəməxsus infrastrukturu, təbiəti, tarixi, maddi və qeyri-maddi mədəni irsi ilə ölkənin əsas turizm məkanlarından biri kimi əhəmiyyətini qeyd ediblər. Çıxışlarda Azərbaycanda turizmin inkişafında, mədəni-tarixi irsin qorunmasında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı qeyd olunub.
Fuad Nağıyev çıxışında Basqalla yanaşı, Dövlət Turizm Agentliyinin tabeliyində olan digər 6 qoruqda da bərpa layihələrinin hazırlandığını, mayının sonunadək “Yanardağ” qoruğunda yenidənqurma işlərinin başa çatdırılacağını və ictimaiyyətə təqdim olunacağını vurğulayıb. Bundan əlavə, bildirib ki, Şəki şəhərinin yeni konsepsiyası üzərində iş başa çatdırılmaq üzrədir, eləcə də Xınalığın və palçıq vulkanlarının turistlər üçün daha cəlbedici məkana çevrilməsi üçün hazırlanan layihələrin üzərində də iş gedir.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 oktyabr tarixli Sərəncamına əsasən hazırlanan “Basqal” qoruğunun yenidən qurulması konsepsiyası təqdim olunub. 2018-2023-cü illəri əhatə edəcək 5 illik bərpa planının əsas məqsədi Basqalın tarixiliyini özünə qaytarmaq və yerli əhalinin rifahını yaxşılaşdırmaqla turizmin inkişafına nail olmaqdır.
Konsepsiyanın hazırlanması prosesində ilkin olaraq qoruq ərazisində yaranmış vəziyyətə dair arayış, daha sonra qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı fəaliyyət proqramının layihələri tərtib edilib. Eləcə də qoruğun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulması ilə bağlı təkliflər hazırlanıb.
“Böyük Basqal” konsepsiyası birinci mərhələdə Basqal və onu əhatə 10 kənd arasında mövcud yolların, ikinci mərhələdə tarixi binaların, daş yolların, fasadların, tarixi memarlıq üslubunun bərpasını, yerüstü qaz və işıq xətlərinin yenilənərək yerin altına salınmasını, kommunikasiya və su sisteminin yenilənməsini əhatə edəcək.
Layihənin üçüncü mərhələsində kəlağayı istehsalının canlandırılması və turizm məhsuluna çevrilməsi məqsədilə kəlağayı sexinin bərpası və turistlərə tanıdılması, həmçinin sənətkarlara dəstək göstərilməsi nəzərdə tutulub. Mərkəzi meydanın bərpası və əsas turizm mərkəzinə çevrilməsini əhatə edəcək 4-cü mərhələdə isə əsas məqsəd ərazini yerli əhalinin, xüsusilə də sənətkarların öz məhsullarını sata biləcəyi məkana çevirməkdir.
Layihənin 5-ci mərhələsi infrastrukturun qurulması, tullantıların idarə edilməsi sisteminin yaradılması, “Kürəbənd” adlanan tarixi kanalizasiya və drenaj sisteminin bərpası, bulaqların təmiri, qəsəbədə bankomat və ödəniş terminallarının quraşdırılması, icma üçün tədbirlər evinin, uşaq meydançasının inşası kimi tədbirlər planını əhatə edəcək.