Bayrağımız - qürur mənbəyimiz
Kəngərli, 17 noyabr, AZƏRTAC
Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bizim milli qürurumuzdur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının təşkilatçılığı ilə Kəngərli Rayon Bayraq Meydanında keçirilən “Naxçıvandan dalğalanan müstəqillik rəmzi” adlı tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva danışıb. Bildirilib ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvən yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin real ifadəsidir.
Vurğulanıb ki, ulu öndərimiz Heydər Əliyev yolunun sədaqətlə davam etdirildiyi Naxçıvan Muxtar Respublikasında dövlət rəmzlərinin təbliğ edilməsi, hörmət və ehtiram göstərilməsi həmişə diqqət mərkəzindədir. “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin ən hündür və ən gözəl yerində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.
Diqqətə çatdırılıb ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu gün milli bayrağımız işğaldan azad edilmiş ərazilərdə qürurla dalğalanır. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımıza hörmət əlaməti olaraq diyarımızın bir çox bölgələrində yeni bayraq meydanları yaradılıb. 8 Noyabr - Zəfər Günündə Kəngərli rayonunda da yeni Bayraq Meydanının istifadəyə verilməsi dövlət atributumuz olan bayrağa böyük hörmət və ehtiramın təzahürüdür.
Mövzu ilə bağlı partiyanın təşkilatın Gənclər Birliyinin sədr müavini Kənan Məmmədov, partiyanın gənc üzvü Camal Əsgərov çıxış ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edilib.
Sonda məktəblilərin ifasında bayrağa həsr olunmuş şeirlər səsləndirilib.