ELM VƏ TƏHSİL
BDU-da Fe nanonaqillərinin sintezinə dair elmi seminar
Bakı, 21 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında “Fe nanonaqillərinin sintezi və xassələrinin tədqiqi (icmal)” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda məruzə ilə çıxış edən kiçik elmi işçi Sevinc Məmmədyarova bildirib ki, 1D nanomateriallar elektronikada, maqnit qurğularında, optika və kataliz sahəsində geniş tətbiq sahəsinə malikdir. Bunların içərisində Fe nanonaqilləri mühüm əhəmiyyət kəsb edir. O, Fe nanonaqillərinin müxtəlif metodlarla (kimyəvi reduksiya, hidrotermiki və elektrokimyəvi çökdürmə) sintezi və xassələri haqqında məlumat verib. Maqnit sahəsinin intensivliyi, reduksiyaedicinin qatılığı, reaksiya müddəti və reaksiya temperaturu kimi müxtəlif parametrlərin Fe nanostrukturların morfologiyasına təsirindən danışıb və nanonaqillərin sintezi üçün optimal reaksiya şəraiti barədə iştirakçıları məlumatlandırıb.
Seminarda Fe nanonaqillərinin müxtəlif mühitlərdə stabilliyi və baş verən dəyişikliklərin müşahidəsi üçün rentgen difraksiya (XRD) və diferensial skan edən kalorimetr (DSC) nəticələri haqqında da danışılıb.
Məlumatlar slaydlar vasitəsilə təqdim edilib.
Sonra iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.