ELM VƏ TƏHSİL
BDU-nun professoru Buxarest Universitetində “Azərbaycanda nanotexnologiyanın inkişaf perspektivləri” mövzusunda mühazirə oxumuşdur
Bakı, 28 mart (AZƏRTAC). Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov Qara Dəniz Universitetləri Əməkdaşlıq Şəbəkəsinin dəvəti ilə Rumıniyada olmuşdur.
BDU-nun mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı professor M. Ramazanov Buxarest Universitetinin fizika fakültəsinin əməkdaşları qarşısında “Azərbaycanda nanotexnologiyanın inkişaf perspektivləri” mövzusunda mühazirə oxumuşdur.
Professor M. Ramazanov ölkəmizdə, o cümlədən Bakı Dövlət Universitetində nanotexnologiya sahəsində aparılan tədqiqat işləri, respublikamızın təhsil müəssisələrində nanoelmin tədrisinin yüksək səviyyədə təşkil olunması barədə danışmışdır.
Alim Bakı Dövlət Universitetində yerinə yetirilən beynəlxalq qrant layihələri, BDU-nun nanoaraşdırmalar laboratoriyasının maddi-texniki bazası, bu ali təhsil ocağının alimlərinin nanotədqiqatlar sahəsində Tomson Reyter Agentliyinin siyahısına daxil edilən jurnallardakı məqalələri barədə də məlumat vermişdir.
BDU-nun fizika fakültəsi ilə Buxarest Milli Materiallar Fizikası İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Professor M. Ramazanov ulu öndər Heydər Əliyevin Buxarest şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşdur.