Bədbəxt hadisələr nəticəsində ölən və xəsarət alanlar vardır
Bakı, 27 yanvar (AZƏRTAC). Yanvarın 26-da Yasamal rayonu Haqverdiyev küçəsində kirayədə yaşayan Salyan rayon sakini Səadət Mirzəyeva, Sabunçu qəsəbə sakini Əfsanə Qasımova mənzillərində dəm qazından boğularaq ölmüşlər. Sabunçu rayonu Əfəndiyev küçəsində Bakı şəhər sakini Şakir İbrahimov özünə məxsus taxta sexində yıxılmış və aldığı xəsarətdən dünyasını dəyişmişdir.
Nizami rayonu B.Nuriyev küçəsində Bakı şəhər sakini Elçin Əzizovun və onun qızı Zərrinin üstünə ağac aşmışdır. E.Əzizov hadisə yerində ölmüş, Zərrin isə yaralanmışdır.
Sumqayıt şəhər sakinləri Ceyran Zülfüyeva, Rüfanə Məmmədova, Vüsalə Cəfərova, Aygün Hüseynova, Müşgünaz Nadirova, Gülnar Baxışəliyeva, Xırdalan şəhər sakini Nigar Tağıyeva, Digah qəsəbəsində Ağaxan Mehdiyev dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilmişlər.
Elə həmin gün Göyçay rayonunun Alpoud kənd sakini Aydan Qarayeva həyətində tonqalda yanaraq ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.