İQTİSADİYYAT
Belarus neftin tranzitinə görə tarifləri artırmayacaq
Minsk, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də Belarus Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi özünün bu il sentyabrın 28-də qəbul etdiyi qərarı ləğv edib. Əvvəlki qərara görə neft tranziti üçün tariflərin artırılması nəzərdə tutulurdu. AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, bu haqda məlumat Belarus milli hüquq internet-portalında yerləşdirilib.
Yeni qərara əsasən “Qomeltransneft Drujba” və “Polotsktransneft Drujba” açıq səhmdar cəmiyyətlərinin magistral boru kəmərləri ilə neftin nəql edilməsi üzrə xidmətlər üçün əvvəl qüvvədə olan tariflər bərpa olunur. Məsələn, Uneça (Vısokoye) - Adamova Zastava marşrutu üzrə tarif (ƏDV nəzərə alınmadan) əvvəlki kimi yenə bir ton neft üçün 267,32 Rusiya rubluna, Uneça (Vısokoye) - Brodı marşrutu üzrə 114,82 Rusiya rubluna, Nevel (Velikiye Luki) - Polotsk - Vısokoye marşrutu üzrə 32,31 Rusiya rubluna bərabər olacaq. Söhbət neftin sonradan Almaniya, Çexiya, Slovakiya, Polşa, Macarıstan və Ukrayna istiqamətləri üzrə paylanması üçün onun qəbulu və daşınması xidmətlərinə görə tariflərdən gedir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk