MƏDƏNİYYƏT
Belarus paytaxtında təqdimatı keçirilmiş “Ürəklər bir vuranda” kitab layihəsi oxucuları Azərbaycan yazıçılarının əsərləri ilə də tanış edir
Minsk, 11 dekabr (AZƏRTAC). Ədəbiyyat və kitab nəşri MDB xalqları arasında güclü əlaqələndirici vasitədir. Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin sədrinin (İcraçı katibin) birinci müavini Vladimir Qarkun bu fikri dekabrın 11-də Belarus paytaxtında Birliyin mənzil-qərargahında “Ürəklər bir vuranda” kitab layihəsinin təqdimat mərasimində söyləmişdir.
Bu barədə AZƏRTAC-a Təşkilatın İcraiyyə Komitəsinin Minskdəki mətbuat xidmətində məlumat verilmişdir.
“Ürəklər bir vuranda” seriyası MDB-də ilk dəfə həyata keçirilən unikal kitab layihəsidir. Bu layihənin məqsədi oxucuları Birlik üzvü olan dövlətlərin yazıçı və şairlərinin ədəbi əsərləri ilə tanış etməkdir.
“Ürəklər bir vuranda” seriyasına daxil olan on bir kitabın hər biri MDB ölkələrindən birinin, o cümlədən Azərbaycanın şair və nasirlərinin əsərlərindən ibarətdir.
Təşkilatın İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatında daha sonra bildirilir ki, layihənin müəllifləri MDB-nin üzvü olan bu və ya digər ölkənin ədəbiyyatını həmin seriyada təmsil etmək üçün öz milli ədəbiyyatının inkişafına güclü təsir göstərən ən istedadlı yazıçıların əsərlərini daxil etmək məqsədini qarşıya qoymuşlar.
Azərbaycan ədəbiyyatı xalq yazıçıları Anar və Çingiz Əlioğlunun, qazax ədəbiyyatı Oljas Süleymenov və Mukaqali Makatayevin, Ukrayna ədəbiyyatı Boris Oleynik və Pavlo Movçanın əsərləri ilə təmsil olunmuşdur.
“Ürəklər bir vuranda” seriyasına “yaxın xaric” ölkələrindən 150-yə qədər yazıçının əsərləri daxil edilmişdir. Seriya Belarus Respublikası İnformasiya Nazirliyinin sifarişi və maliyyə dəstəyi ilə nəşr edilmişdir.
Cari ilin oktyabr ayında Minsk sammitində iştirak etmiş dövlət başçıları və MDB ölkələrinin nümayəndə heyətlərinin üzvləri “Ürəklər bir vuranda” seriyası ilə tanış olmaq imkanı əldə etmişlər.
Bu seriyaya daxil olan ayrı-ayrı kitablar Azərbaycan, Rusiya, Ukrayna və Almaniyada keçirilən sərgilərdə nümayiş etdirilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk