İDMAN
Belaruslar “Qazprom”un futbol üzrə MDB çempionatı təsis edilməsi barədə ideyasını dəstəkləmişlər
Bakı, 28 noyabr (AZƏRTAC). AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Belarusun BATE klubu futbol üzrə MDB çempionatının təsis edilməsi barədə “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Aleksey Millerin dəstəklədiyi ideyaya müəyyən şərtlər daxilində etiraz etmədiyini bildirmişdir.
Doqquz dəfə Belarus çempionu olmuş BATE komandasının rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir: “Prinsip etibarilə belə bir liqanın yaradılması çox maraqlıdır. Sovet İttifaqı çempionatının malik olduğu nüfuzu nəzərə alsaq, bu yarışda iştirak etmək çox komanda üçün cəlbedici olardı. Lakin bu halda əsas məqamları - klubların belə bir turnirdə iştirak etməsi qaydalarını, lisenziyalaşdırma prinsiplərini, UEFA-nın bu turnirə münasibətini, MDB üzvü olan müxtəlif ölkələrin nümayəndələrinin Avropa klublarında iştirak etməsi şərtlərini bilmək vacibdir. Hesab edirik ki, əgər bu məsələlər tənzimlənərsə və yarışın reqlamentində öz konkret əksini taparsa, Belarusda futbolun inkişafı və milli komandanın mənafeləri baxımından çox maraqlı bir layihə yaranar”.
Bəyanatda deyilir: “Qazprom” kimi iri transmilli şirkətin bu çempionata hamilik etməsi ehtimalı da maraq doğurur. Bu gün həmin korporasiyanın rəhbərlik etdiyi qurumlar Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərir. “Qazprom”un futbol aləminə dərindən nüfuz etməsini təsdiq edən bir faktı da göstərmək olar ki, bu şirkət Çempionlar Liqasının, habelə Almaniya Bundesliqası, İngiltərə Premyer-liqası, digər Avropa ölkələrinin çempionatları kimi güclü yarışlarda klublara sponsorluq edir.
Miller noyabrın 24-də bəyan etmişdir ki, o, futbol üzrə MDB çempionatı keçirilməsi ideyasını dəstəkləyir.
Miller “Zenit”in rəsmi saytına verdiyi müsahibədə demişdir: “Çoxları hesab edir ki, biz futbol üzrə MDB çempionatını təşkil edə bilərik. Mən də bu ideyanı ürəkdən dəstəkləyirəm. Əgər yeni çempionat təşkil etmək qərara alınarsa, biz yalnız Birlik ölkələrinin futbol çempionatını təşkil etmək məqsədini dəstəkləyən insanlarla razılaşdırılmış addımlar atacağıq”.
Xatırladaq ki, “Zenit” barəsində sanksiyalarla əlaqədar KİV-lərə sızmış informasiyaya görə, “Qazprom”un sponsorluq etdiyi klubun futbol üzrə Rusiya çempionatından kənarlaşdırılması mümkündür. Bu hadisələr fonunda Aleksey Millerin alternativ turnir təşkil etmək ideyası xüsusi məna kəsb edir.