İQTİSADİYYAT
Belarusun “LLK-Naftan” şirkəti Azərbaycan bazarına yağ aşqarları ilə çıxır
Minsk, 22 aprel, AZƏRTAC
“LLK-Naftan” birgə MMC-nin (Novopolotsk, Belarus) Azərbaycana motor yağı aşqarların ilk partiyasını göndərib.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu məlumatı müəssisənin direktoru Mixail Babuşkin verib.
“LLK-Naftan” üçün yeni olan bazara çıxış onun rəhbərliyinin bu yaxınlarda Bakıya səfəri zamanı müəssisə ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təcrübə-Sənaye Zavodu arasında imzalanmış əməkdaşlıq müqavilə əsasında mümkün olub. Mixail Babuşkin deyib: “Məhz bu zavodun bazasında motor yağları istehsalının bərpası üzrə iş aparılır. Müəssisənin aşqarlara tələbatı daim artacaq ki, bu da tərəfdaşlığı bizim üçün perspektivli edəcək”.
Səfər zamanı istehsal sahəsində kooperasiya ilə yanaşı, elmi-texniki əməkdaşlığın inkişafına dair razılıq əldə edilib. Bu barədə söhbət AMEA və Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda aparılıb. Bu institut keçmiş SSRİ-də sürtkü materiallarına aşqarların hazırlanması üzrə ilk elmi müəssisə olub. İnstitutda böyük təcrübə toplanıb, ciddi elmi baza formalaşıb. Bütün bunlar hazırda belaruslu istehsalçıların üzünə açıqdır.
Söhbət Azərbaycan tədqiqatçılarının hazırladığı məhsulların Novopolotskda istehsalatda aprobasiya və uyğunlaşmasından gedir. Məqsəd “LLK-Naftan” resepturalarında bu elmi axtarışların perspektiv istiqamətlərinin gələcəkdə istifadə olunmasını müəyyən etməkdir.
“LLK-Naftan” ildə istehsal etdiyi məhsulun ümumi həcminin 95 faizini ixrac edir. Uzaq xaric ölkələrinə ixracın xüsusi çəkisi daim artır və artıq 50 faizdən çoxdur. Bu gün Belarus istehsalçısının satış bazarı aktivində 20-dən çox ölkə var.
2006-cı ildə yaradılmış “LLK-Naftan” şirkətinin təsisçiləri “Naftan” ASC (Belarus) və “LLK International B.V.” (Niderland, Rusiyanın “LUKOYL” ASC-nin törəmə şirkəti). “LLK-Naftan” sürtkü yağlarına aşqarlar və aşqar paketlərinin istehsalı və satışı üzrə ixtisaslaşıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk