İQTİSADİYYAT
BƏRDƏDƏ 2008-Cİ İLİN DOQQUZ AYININ YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətində 2008-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı İlham Ağayev hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2008-ci ilin doqquz ayında rayon iqtisadiyyatının inkişafına 7,8 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 63,5 faiz çox investisiya yönəldilmişdir. Yanvar-sentyabrda sənaye müəssisələri üzrə 5,2 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 20 faiz çox məhsul istehsal edilmişdir. Sənayenin dövlət sektorunda istehsalın həcmi 36 faiz, qeyri-dövlət sektorunda 60 faiz artmışdır.
Ötən ildəkindən 41 min ton çox, yəni 70,3 min ton taxıl, 3,6 min ton kartof, 34,6 min ton tərəvəz, 26,8 min ton bostan məhsulları istehsal edilmişdir. Qaramalın baş sayı 6,6 faiz artmışdır.
Rayonda geniş tikinti-abadlıq işləri aparılmış, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması, yolların təmiri istiqamətində xeyli işlər görülmüşdür.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurla yerinə yetirildiyini deyən məruzəçi son 5 ildə rayonda 5 min 445-i daimi olmaqla 9 min 159 yeni iş yerinin açıldığını bildirmişdir.
Yığıncaqda çıxış edənlər qarşıda duran vəzifələrdən danışmışlar.