REGİONLAR
Bərdədə Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə tədbir keçirilib
Bərdə, 25 avqust, AZƏRTAC
Bərdə rayon Mədəniyyət Mərkəzində 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə “Uğur qazananlar” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə “ASAN xidmət” Mərkəzinin rəhbərliyinin, ASAN könüllülərinin, regional idarə üzrə aparıcı mədəniyyət müəssisələrinin rəhbərlərinin, rayon ictimaiyyətinin və muğamsevərlərin iştirak etdiyi tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Azərbaycanın xalq musiqisinin və muğam sənətinin tarixi zənginliyi, müasir inkişaf yolu barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan muğamının müasir tarixdə uğurlu inkişafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətləri var. Bu fəaliyyətin məntiqi nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın və tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.
Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən “Muğam” Televiziya Müsabiqəsində müxtəlif illərdə iştirak edən iştirakçılarının çıxışları dinlənilib. III “Muğam” Televiziya Müsabiqəsinin ikinci yerin sahibi Asim Abbasov, V “Muğam” Televiziya Müsabiqəsinin laureatı Misir Məmmədov, VII “Muğam” Televiziya Müsabiqəsinin laureatı Zibər Zamanova, VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibi Fuad Əzizzadə, II yerin qalibi Ülkər Abdullayeva, müsabiqənin laureatları Tahir Şəfiyev, Əmrah Məmmədov, Sabir Hüseynov və Məhəmməd Əlizadənin ifasında muğamlar, xalq və bəstəkar mahnıları səsləndirilib, tanınmış Azərbaycan şairlərinin yaradıcılıqlarından şeirlər söylənilib.
Sonda gənc muğam ifaçılarına regional idarə tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.